DÜNYA » SİYASƏT
01 İyul 2020, 09:45 (GMT +4)

ABŞ-ın təzyiqlərinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının İranla bağlı toplantısı nəticəsiz qalıb

Bakı, 1 iyul, SalamNews, B.Samid. Ötən gün BMT Təhlükəsizlik Şurasının İrana qarşı silah enbarqosu ilə bağlı keçirdiyi toplantısı hər hansı bir qərar olmadan bitib.

SalamNews xəbər verir ki, ötən gün videokonfrans yolu ilə keçirilən BMT TŞ-nın toplantısına İranın Xİn rəhbəri Cavad Zərif, ABŞ dövlət katibi Mayk Pompeo, Rusiya və Çinin BMT-dəki nümayəndələri və sair Avropa və dünya ölkələrinin rəsmi nümayəndələri qatılıblar. Dünya rəsmilərinin böyük əksəriyyəti İranla əldə edilmiş nüvə sazişinin böyük əhəmiyyətə malik olduğunu bildiriblər. Fransa, Britaniya və Almaniya nümayəndələri də nüvə sazişinin əhəmiyyətindən danışaraq ABŞ-ın bu sazişdən çıxmasına görə təəssüf etdiklərini bildiriblər.

Çin və Rusiya nümayəndələri nüvə sazişindən birtərəfli qaydada çıxan ABŞ-ın İrana qarşı sərt sanksiyalarının qeyri qanuni olduğunu bildiriblər.

Mayk Pompeo İrana qarşı silah enbarqosunun müddətinin uzadılmasını tələb etsə də Rusiya və Çin nümayəndələri rəsmi Vaşinqtonun belə bir tələb irəli sürməyə haqqı çatmadığını bəyan ediblər.

Qeyd edək ki, nüvə sazişinə əsasən İrana qarşı silah enbarqosu qərarı cari ilin oktyabr ayında bitir. ABŞ, İsrail və Səudiyyə Ərəbistanı bu qərarın qüvvədə qalmasını tələb edirlər.