DÜNYA » SİYASƏT
22 May 2020, 16:48 (GMT +4)

Fələstin Polisi İsrail qüvvələrinin olduğu bəzi qəsəbələri tərk edib

Bakı, 22 may, SalamNews, B.Samid. Fələstin Muxtariyyəti İsraillə “təhlükəsizlik üzrə koordinasiya” razılaşmasını dayandırdıqdan sonra Fələstin polisi bəzi qəsəbələri tərk edib.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə Fələstin Muxtariyyəti mənbələri məlumat veriblər.

Bildirilib ki, bu gün Fələstin polisi "Oslo anlaşması"nın təsnifatına əsasən "B" katiqoriyalı əraziləri o cümlədən Əbu-Dis qəsəbəsini tərk edib.

Məlumata görə Fələstin polisi ümumilikdə 6 qəsəbəni tərk edib.

Bu qəsəbələr İsrailin işğalında olsa da orada baş verə biləcək xaos-un və gərginliyin qarşısını almaq üçün Fələstin polisi də yerləşdirilmişdi. Fələstin polisinin bu bölgələri tərk etməsi qarşıdurma ehtimallarının artması deməkdir. Fələstin muxtariyyəti bu addımı, İsrailin işğal edilən əraziləri özünə əlavə etməsi planından sonra atıb.

Qeyd edək ki, 1967-ci ildə İsrail tərəfindən işğal edilən İordan çayının qərb sahilindəki ərazilər Oslo anlaşmasının təsnifatına əsasən 3 katiqoriyaya bölünüb. Birinci katiqoriya həm hərbi həm də inzibati baxımından İsrailin nəzarətində olan bölgələrdir. İkinci qism ərazilər inzibati, siyasi və hərbi baxımdan (yenə də İsrailin mühasirəsində) Fələstin muxtariyyətinin nəzarətində, üçüncü qism yəni "B" katiqoriyalı ərazilər isə hərbi baxımdan İsrailin, inzibati baxımdan isə Fələstin Muxtariyyəti polisinin nəzarətindədir.