AZƏRBAYCAN » İQTİSADİYYAT
13 May 2020, 11:00 (GMT +4)

Apreldə "Azəriqaz"ın abonentlərinin sayı 6 mindən çox artıb

Bakı, 13 may, SalamNews.Bu ilin aprel ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6 474 yeni abonent qeydiyyata alınıb.

SalamNews-un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bundan 4 842 abonent Bakı, Abşeron və Sumqayıt, 1 632 abonent regionların payına düşür.

Bu ilin 4 ayı ərzində qeydə alınan yeni abonentlərin sayı isə 30 055 təşkil edir. Beləliklə, may ayının 1-nə olan statistikaya görə Azərbaycanda ümumilikdə qazdan istifadə edən əhali qrupu abonent sayı 2 milyon 277 min 298-ə (o cümlədən, 1 milyon 398 min 805 regionlar, 878 493 Bakı şəhəri) bərabərdir.

Qeyd edək ki, qeyri-əhali sektoru üzrə 619 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kubmetr qaz limiti ayrılıb.