DÜNYA » CƏMİYYƏT
07 Aprel 2020, 10:00 (GMT +4)

Səudiyyə ramazan ayında da məscidlərin bağlı qalması ehtimalı olduğunu bildirib

Bakı, 7 aprel, SalamNews, B.Samid. “Koronavirus pandemiyasının fəsadları həftələr yox aylar çəkə bilər. Burada yüz minlərlə şəxsin yoluxması, səhiyyə sisteminin çökməsi təhlükəsi var. Camaatın ramazanda dini məkanlara və məscidlərə getmək istəyi anlaşılandır. Amma vəziyyət belə getsə məscidlər Ramazanda da bağlı qala bilər.”

SalamNews Rotana.net-ə istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyinin sözçüsü Məhəmməd Əbdül-Əli deyib.

O, koronavirusla bağlı ölkədə görülən işlərdən və yaxın aylarda bu pandemiyanın yarada biləcəyi fəsadlardan söz açıb və bldirib ki, Covid-19 virusunun mənfi nəticələri ölkədə özünü aylarla göstərə bilər.

Onun sözlərinə görə vəziyyətin davam edəcəyi təqdirdə ramazan ayında da məscidlərin bağlı qalacağı möhtəməldir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 2523, bu virusdan ölənlərin sayı isə 40 nəfərdir. Ölkə rəsmiləri bundan öncə bildiriblər ki, bu ilin həcc mərasiminin keçirilməsi də sual altındadır.