AZƏRBAYCAN » CƏMİYYƏT
02 Aprel 2020, 17:44 (GMT +4)

“Regional İnkişaf” İctimai Birliyi və BDU birgə sosial aksiya keçirib

Bakı, 2 aprel, SalamNews. Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci ilin martın 24-dən aprelin 20-dək ölkəmizdə elan edilən xüsusi karantin rejimi müddətində evdən çıxması qadağan olunan 65 yaşdan yuxarı tənha yaşayan şəxslərə sosial qayğı göstərilməsi davam etdirilir.

Bu səbəblə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə Bakı Dövlət Universiteti (BDU) birgə sosial aksiya keçirib. Kampaniya ölkəmizdə koronavirusun yayılmasının qarşısınn alınması üçün görülən tədbirlərə, təşkil olunan yardım aksiyalarına, ölkə rəhbərliyinin çağırışlarına dəstək məqsədi ilə təşkil olunub.

Yardım aksiyası çərçivəsində Bakı şəhərinin müxtəlif ərazilərində yaşı 65-dən yuxarı olan xüsusi risk qrupuna aid 100 şəxsə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanılıb.

Yardım alanlar ölkədə hökm sürən sabitlik və əmin-amanlıqdan razılıqlarını ifadə ediblər, karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Aksiya zamanı yardım olunanlara Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan edilən xüsusi karantin rejiminin qaydaları bir daha xatırladılıb.