AZƏRBAYCAN » CƏMİYYƏT
26 Mart 2020, 11:27 (GMT +4)

"Azərişıq" sözçüsü: "Yayılan məlumatlar həqiqəti əks etdirmir"

Bakı, 26 mart, SalamNews."Son günlər sosial şəbəkələrdə və Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində - “Abonentlərin nəzərinə xəbərdarlıq” – İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” - ünvanı məlum olmayan elanlara rast gəlinir.

Bu barədə SalamNews-a "Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, yayılan elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur:

"Bu məlumatlar həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır. “Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma, təmir-tikinti, elanlar və s. işlər cəmiyyətin Mətbuat Xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir".