AZƏRBAYCAN » CƏMİYYƏT
17 Mart 2020, 14:50 (GMT +4)

Ağdaş sakinlərindən 2 kq-dan çox narkotik götürülüb

Bakı, 17 mart, SalamNews.Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SalamNews-a verilən xəbərə görə, şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı Ağdaş şəhər sakini Ruslan Rəsulov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd sellofan torbada ümumi çəkisi 1 kiloqram 10 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində Ağdaş şəhər sakini Müşfiq Əzizov şübhəli şəxs qismində saxlanılıb. Ondan da üzərində gəzdirdiyi sellofan torbada çəkisi 1 kiloqram 40 qram qurudulmuş marixuana aşkar edilib, qablaşdırılaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.