AZƏRBAYCAN » İQTİSADİYYAT
12 Mart 2020, 15:30 (GMT +4)

Daha 3 könüllü gənc KOBİA-da işlə təmin edilib

Bakı, 12 mart, SalamNews.“Könüllülər ili”ndə daha 3 könüllü gənc Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) işlə təmin olunub.

Agentlik-dən SalamNews-a verilən məlumata əsasən, “KOB könüllüsü” olmuş gənclər təhsillərinə, eləcə də könüllülük müddətində qazandıqları təcrübəyə uyğun olaraq, Agentliyin İnnovasiya, tədris və konsultinq, Hüquq və Maliyyə və təchizat departamentlərində əmək fəaliyyətinə başlayıblar.

Hazırda KOBİA-da ümumilikdə 40 gənc könüllü kimi fəaliyyət göstərir ki, onlardan 12-si Agentliyin baş ofisində, 28-i isə ölkənin 20 şəhər və rayonundakı “KOB Dostu” ofislərində könüllü fəaliyyətinə cəlb olunublar.

“KOB könüllüləri” bu ilin fevralında fəaliyyətə başlamış və sahibkarlara 300-ə yaxın dövlət-biznes və zəruri biznes-biznes xidmətlərinin vahid məkanda təqdim edildiyi Xaçmaz KOB evində də fəaliyyət göstərirlər.

Məlumat üçün qeyd edək ki, gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək onlara əmək vərdişlərinin aşılanması, eləcə də sahibkarlara dəstək məqsədilə KOBİA-da 2018-ci ildən “KOB Könüllüləri” Proqramı həyata keçirilir. İndiyədək 150-yə yaxın gənc bu proqrama qoşularaq KOBİA-da və onun regional bölmələrində könüllü olaraq fəaliyyət göstərib.

Proqrama qoşulmaq və Agentlikdə könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər KOBİA-nın www.smb.gov.az saytındakı “KOB könüllüsü ol” bölməsində qeydiyyatdan keçə, proqram barədə ətraflı məlumat əldə edə bilərlər.