AZƏRBAYCAN » İQTİSADİYYAT
22 Fevral 2020, 12:41 (GMT +4)

Erasmus+ proqramı çərçivəsində "Start it UP, Keep it UP" layihəsi baş tutub

Bakı, 22 fevral, SalamNews. 11-16 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının koordinatorluğu və 5 müxtəlif ölkədən olan təşkilatların tərəfdaşlığı ilə Yunanıstanın Saloniki şəhərində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ proqramının qrant müsabiqəsində qalibi olduğu "Start it UP, Keep it UP" layihəsi baş tutdu.

SalamNews xəbər verir ki, təlim prosesində 6 ölkəni təmsil edən 24 sosial sahibkarlıq üzrə mentorlar "Mentilərlə effektiv işləmə", "İdeyanın Monetizasiyası", "Situasiya Analizi" kimi mövzularla bağlı təlimlərdə iştirak etmişdir.

Təlim müddətində baş tutan müzakirə panellərində hər ölkədən mentorların mentiləri ilə olan təcrübələri bölüşülmüş, mentorluq prosesinin daha effektiv olması üçün təkliflər müzakirə edilmişdir.

Təlim kursunun son günündə iştirakçılar Saloniki şəhərində olan bir neçə dayanıqlı sosial biznesləri ziyarət etmiş, onların təcrübələrini mənimsəmişdir.

Azərbaycanlı nümayəndə İsa Zeynal bildirmişdir ki, "Dünya praktikasında sosial bizneslər cəmiyyətdə olan sosial problemlərin təbii həll qüvvəsi kimi çıxış edirlər. Müxtəlif ölkələrdə olan belə praktikaların mənimsənilməsi ölkəmizdə sosial sahibkarlıq sahəsinin inkişafına öz təsirini göstərəcək".

Qeyd edək ki, 2019-cu ilin fevral ayından etibarən davam edən “Start it UP, Keep it UP” layihəsi çərçivəsində iştirakçılar daha əvvəl Xorvatiya, Şimali Makedoniyada sosial sahibkarlıq mövzusunda təlimlərdə iştirak etmişdirlər. Layihənin növbəti və sonuncu mərhələsi olaraq isə iştirakçılar 5-10 aprel 2020-ci tarixində Bakıda “Beynəlxalq Sosial Sahibkarlıq Forumu”nda iştirak edəcəklər.