AZƏRBAYCAN » CƏMİYYƏT
15 Fevral 2020, 08:20 (GMT +4)

Əməkdar jurnalist prezidentə müraciət edib

Bakı, 15 fevral, SalamNews. Əməkdar jurnalist Ləman Ələşrəfqızı Ölkə başçısı İlham Əliyevə məktub ünvanlayıb.

Bu barədə SalamNews-a Ləman Ələşrəfqızının özü məlumat verib.

O bildirib ki, müraciətdə məqsəd namizəd kimi 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsində baş verən qanun pozuntularla məlumatlandırmaqdır.

Ləman Ələşrəfqızı məktubunda qeyd edib ki, 9 fevral seçkilər günü səslərin sayılması zamanı bir sıra qanun pozuntuları qeydə alınıb:

"Səslərin sayılması zamanı şəxsən özümün dayandığım məntəqədə səslərimi qoruya bildim. O məntəqədə 203 səslə 116 səs toplayan Aqiyə Naxçıvanlını üstələdim. Amma hətta bu məntəqədə belə digər prosedurlara əməl olunmadı. Belə ki, nümunə protokolun üzü karbonlaşdırılmış protokola köçürülmədi, ümumiyyətlə karbonlaşdırılmış protokol heç bir məntəqədə ortaya çıxmadı. Bizim heç bir müşahidəçiyə imkan yaradılmadı ki, səslər onların gözü qarşısında sayılsın, nümunəyə, sonra isə karbonlaşdırılmış protokola köçürülsün. Bu səbəbdən də bu gün bizim əlimizdə 61 məntəqə üzrə cəmi 20 nümunə protokol var."