DÜNYA » SİYASƏT
01 Fevral 2020, 14:47 (GMT +4)

Misirdə «Ənsar Beytul-Maqdis» qruplaşmasının 37 üzvü edama məhkum edilib

Bakı, 1 fevral, SalamNews. B.Samid. İŞİD-in Misirdəki cinahı olduğu deyilən "Ənsar Beytul-Maqdis" qruplaşmasının 37 üzvü edama məhkum edilib.

SalamNews Sputnik.Arabic-ə istinadla xəbər verir ki, Qahirənin Ağır Cinayətlər Məhkəməsi bu gün "Ənsar Beytul-Maqdis"in başçısı Hişam əl-Aşmavi də daxil olmaqla 37 nəfərə edam hökmü oxuyub.

Təqsirli bilinənlərə qarşı ümumilikdə, 54 ittiham irəli sürülüb ki, onların arasında dövlət müəssisələrinə, ictimaii obyektlərə, təhlükəsizlik və ordu obyektlərinə hücumlar və partlayışlar həyata keçirməkdir.

37 məhkumun işi növbəti mərhələdə Misir müftisinə göndərilir və təqsirləndirilən şəxslər barədə son hökm müftinin imzasından sonra mart ayında oxunacaq.

Misir təhlükəsizlik qurumları iddia edir ki, "Ənsar Beytul-Maqdis" İŞİD-in Misirdəki qoludur və onlarla hücumu, xüsusilə də Şimal-Sinada həyata keçirilən hücumları məhz onlar həyata keçirib.