DÜNYA » SİYASƏT
29 Yanvar 2020, 09:19 (GMT +4)

Tramp Fələstinlə bağlı planını açıqlayıb: «Qüds İsrailin paytaxtı olaraq qalacaq»

Bakı, 29 yanvar, SalamNews. B.Samid. ABŞ prezidenti Donald Tramp "Əsrin sazişi" kimi tanınan "Yaxın Şərqdə sülh"adlı planını açıqlayıb və bunun fələstinlilər üçün "son şans" olduğunu bildirib.

SalamNews xəbər verir ki, Tramp ötən gün İsrail baş naziri Benyamin Netanyahu ilə birgə keçirilən mətbuat konfransında çoxdan gözlənilən "Yaxın Şərqdə sülh" planını açıqlayıb.

Bu plana əsasən Qüds İsrailin paytaxtı olaraq qalacaq, rəmzi şəkildə ərazi mübadilələrinin həyata keçirilməsilə məhdud sayda fələstinli qaçqınların burada yerləşdirilməsi, İordan vadisinin İsrailin ərazisi kimi tanınması, Qəzzanın silahlardan təcrid edilməsi, "fələstinlilərin bölgələrində 50 milyard dollar sərmayənin qoyulması", onların ərazilərinin avtobanlarla bir-birinə birləşdirilməsi, "Fələstin ərazilərini xaricə birləşdirən bölgələrin İsrail nəzarətində olması və sair yer alıb.

Tramp bildirib ki, bu plan fələstinlilərin son şansı ola bilər.

İsrail bu planı alqışlayıb. Fələstin Muxtariyyəti kəskin etiraz edib və Ərəb Dövlətləri Liqasını təcili toplantıya çağırıb.