DÜNYA » SİYASƏT
14 Yanvar 2020, 16:30 (GMT +4)

Avropa dövlətləri nüvə sazişi çərçivəsində İrana qarşı hərəkətə keçiblər

Bakı, 14 yanvar, SalamNews, B.Samid. Nüvə sazişində qalan Avropa dövlətləri ixtilaflı məsələlərin həlli üçün və İranın bu sazişdəki öhdəliklərini azaltmasına cavab olaraq yeni tədbirlər görməyə başlayırlar.

SalamNews FransPress-ə istinadla xəbər verir ki, Fransa, Almaniya və Britaniya tərəfləri bu gün Brüsseldə bəyanat verərək, nüvə sazişinin müddəaları ilə bağlı ixtilafların həlli üçün yeni müzakirə mexanizminə keçdiklərini bildiriblər.

Qeyd edilib ki, aylarla çəkə biləcək bu müzakirə mexanizminin nəticələri BMT Təhlükəsizlik Şurasının nüvə fəaliyyətilə bağlı İrana qarşı tətbiq edilmiş sabiq sanksiyalarını geri qaytara bilər.

Bildirək ki, ABŞ dünya ictimaiyyətinin 2015-ci ildə İranla əldə edilən nüvə sazişindən çıxıb və İrana qarşı sərt sanksiyalara başlayıb. Sazişdə qalan Avropa dövlətləri İrana vəd edilən addımları ata bilmədikdən sonra rəsmi Tehran bu sazişdə olan addımlarını tədrici şəkildə azaldaraq minimuma endirib. Avropa dövlətləri də nüvə sazişinin ixtilaflarının həlli və İrana təzyiqlər göstərmək üçün sözükeçən müzakirə mexanizminə keçiblər.