AZƏRBAYCAN » CƏMİYYƏT
11 Yanvar 2020, 14:40 (GMT +4)

“Könüllü Qida Nəzarətçisi” proqramı çərçivəsində seçim mərhələsinə start verilib

Bakı, 11 yanvar, SalamNews. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Könüllü Qida Nəzarətçisi” proqramına cəlb ediləcək könüllülərin seçim mərhələsinə start verilib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) keçirilən tədbirdə könüllü olmaq istəyənlərin namizədlərin şəxsi keyfiyyətləri, qida təhlükəsizliyinin müxtəlif sahələri üzrə bilik və bacarıqları qiymətləndirilib.

Tədbirdə çıxış edən AQTİ-nin İdarə heyətinin sədr müavini Camal Quliyev Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsinin bir daha könüllülük fəaliyyətinə verilən önəmin bariz nümunəsi olduğunu vurğulayıb.

C. Quliyev daha sonra ölkəmizdə yeni qida təhlükəsizliyi sisteminin qurulması istiqamətində görülən işlər, “Könüllü Qida Nəzarətçisi” proqramının məqsədi barədə məlumat verib.
Qeyd olunub ki, “Könüllü Qida Nəzarətçisi” proqramının icrasında məqsəd könüllülərin qida təhlükəsizliyinin təmin olunması prosesində nəzarətçi qismində aktiv iştirakını təmin etmək, onların bu sahə ilə bağlı biliklərini artırmaq və ən əsası qida təhlükəsizliyinin təmin olunması prosesinə könüllü qismində cəlb etməkdir.

Proqrama cəlb olunan tələbələr layihədə dərsdənkənar - asudə vaxtlarında iştirak edəcək, gələcək karyeraları üçün bilik və bacarıqlarla yanaşı, təcrübə əldə edəcəklər.
Tələbələrin könüllülük proqramına cəlb edilmələrinin onların bilikli və bacarıqlı kadr kimi yetişmələrində mühüm rol oynayacağı vurğulanıb.

Bildirilib ki, layihə çərçivəsində artıq bir neçə ali təhsil ocağında tələbələrlə görüş keçirilib, ümumilikdə regionlar da daxil olmaqla 13 ali təhsil ocağında belə görüşlərin təşkili nəzərdə tutulur.

AQTİ-nin İdarə heyətinin sədr müavini deyib ki, hazırda Azərbaycanda qida təhlükəsizliyi sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu prosesin tərkib hissələrindən biri də müasir tələblərə cavab verən kadrların yetişdirilməsidir.

Yaxın vaxtlarda AQTİ-də fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi Təlim Proqramı da bu işdə önəmli rol oynayacaq. Belə ki, təlim proqramının əsas məqsədlərindən biri də qida mühəndisliyi, ictimai səhiyyə, baytarlıq sahəsində yeni, müasir kadrların hazırlanması prosesinə töhfə vermək, bu sahələr üzrə ali təhsil ocaqları ilə əməkdaşlığı genişləndirməkdir.

Qeyd edək ki, proqramda könüllü qismində iştirak etmək istəyən şəxslər üçün AQTA-nın rəsmi internet portalında müvafiq bölmə yaradılıb. “Könüllü Qida Nəzarətçisi” proqramına qoşulmaq istəyənlər aşağıdakı keçidə daxil olmaqla müraciət edə bilərlər: