AZƏRBAYCAN » CƏMİYYƏT
02 Yanvar 2020, 09:16 (GMT +4)

Xaçmaz Polis Şöbəsinin əməkdaşları şəhid ailələrinə bayram sovqatları paylayıb (FOTOLAR)

Xaçmaz, 2 yanvar, SalamNews, X.Cəbrayılov.Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə rayonda yaşayan torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə bayram sovqatları paylayıblar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan SalamNews-un bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar. Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polislər, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə onları təbrik ediblər.

Bayram ərəfəsində Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən həyata keçirilən bu təşəbbüs vətəndaşlar tərəfindən də böyük sevinclə qarşılanıb, onlar göstərilən bu diqqət və qayğıya görə başda Daxili İşlər Nazirliynin rəhbərliyi olmaqla, Xaçmaz Rayon Polis Şöbəsinin rəisinə və bütün polis əməkdaşları minnətdarlıqlarını bildirirlər.