AZƏRBAYCAN » İQTİSADİYYAT
10 Dekabr 2019, 15:29 (GMT +4)

“Caspian European Club” “CEO Lunch Almaty” təşkil edib

Bakı, 10 dekabr, SalamNews. “Caspian European Club” və “Caspian Energy”nin eksklüziv partnyoru olan “Caspian Energy Kazakhstan” “CEO Lunch Almaty” təşkil edib.

Bu barədə SalamNews-a “Caspian European Club” və “Caspian Energy” qrupunun sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“CEO Lunch Almaty”da çıxış edən Azərbaycanın Almatı şəhərindəki konsulu Ramil Rzayev “CEO Lunch”ın regionun şirkətləri üçün iqtisadi mərkəz olan Almatı şəhərində keçirilməsinin simvolikliyini qeyd edib: “Bugünkü “CEO Lunch Almaty”da Qazaxıstan və Azərbaycanın aparıcı şirkətlərinin iştirak etməsi ikiqat xoşdur. Azərbaycan Ticarət Evi ilə sıx əməkdaşlıq münasibətində olan “Caspian Energy Kazakhstan” iki dost ölkə arasında iqtisadi və işgüzar əlaqələri fəallaşdırır”.

Sonra “Caspian European Club” və “Caspian Energy” qrupunun sədrinin birinci müavini və baş icraçı direktoru T.Əliyev “Caspian Energy Kazakhstan”nın fəaliyyətinin təqdimatını keçirib. “Caspian Energy Kazakhstan” “Caspian European Club”un üzv şirkətlərinin top-menecerləri və nümayəndələri üçün informasiya-konsaltinq xidməti göstərməklə və müxtəlif növ biznes-forum, biznes-tur, dəyirmi masa, treninq, seminar və “CEO Lunch” təşkil etməklə məşğuldur. Eyni zamanda, iştirakçılara “Caspian European Club”un 17 il ərzindəki fəaliyyəti ilə bağlı geniş məlumat təqdim olunub. T.Əliyev bütün “CEO Lunch Almaty” iştirakçılarını Nur-Sultan, Bakı, Tbilisi və Daşkənddəki tədbirlərdə iştirak etməyə dəvət edib.

Almatı şəhərinin İnvestisiya İdarəsinin rəisinin müavini Kanat Sanindikov investisiya imkanları barədə məlumatı və Almatıda sahibkarlığa dövlət dəstəyi istiqamətində həyata keçirilən tədbirləri “CEO Lunch Almaty” iştirakçılarının diqqətinə çatdırıb.

Qazaxıstanda Azərbayca Ticarət Evinin baş direktoru Hüseyn Cəbrayılov Nur-Sultan şəhərində fəaliyyət göstərən ticarət evinin fəaliyyəti barədə danışıb. Gələcəkdə Qazaxıstanın digər şəhərlərində də ticarət evinin filiallarının yaradılmasının planlaşdırıldığı bildirilib: “Qazaxıstanda Azərbaycan Ticarət Evinin açılışı iqtisadi əlaqələrin genişlənməsinə və investisiya əməkdaşlığına böyük töhfə verəcək”.

“CEO Lunch Almaty”da, həmçinin “Gazelli Group” MMC və “Cubics”in nümayəndələri qısa təqdimatlarla çıxış ediblər.

“CEO Lunch” işgüzar ünsiyyət üçün unikal platformadır. “Caspian European Club” tərəfindən yardılmış “CEO Lunch” çərçivəsində dövlət qurumlarının nümayəndələri, diplomatik missiya və beynəlxalq təşkilat rəhbərləri, orta səviyyəli top-menecer və menecerlər ünsiyyət qurmaq və fikir mübadiləsi aparmaq imkanı əldə edirlər. Nur-Sultan, Almatı, Aktau və Atırau şəhərlərində hər ay təşkil olunacaq “CEO Lunch” Qazaxıstan və Azərbaycanın dövlət və özəl sektorları arasında dialoqun qurulması üçün aparıcı vasitələrdən birinə çevriləcək, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin şirkət nümayəndələri ilə qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradacaq. Birinci “CEO Lunch” bu il sentyabrın 27-də Aktauda təşkil olunub.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club”un mənzil-qərargahı Bakıda yerləşir. “Caspian European Club” Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin ABŞ, Almaniya, Latviya və digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində səlahiyyətli nümayəndələri var.