AZƏRBAYCAN » CƏMİYYƏT
10 Dekabr 2019, 16:00 (GMT +4)

“Kurikulum bələdçisi” kitabının təqdimat mərasimi keçirilib

Bakı, 10 dekabr, SalamNews.“Kurikulum bələdçisi” (izahlar və tətbiqlər) kitabının təqdimat mərasimi keçirilib.

SalamNews Təhsil Nazirliyinə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan BP-nin ünsiyyət və sosial sərmayələr üzrə meneceri Tamam Bayatlı layihənin əhəmiyyəti barədə fikirlərini bildirib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək sosial sərmayə layihələrinə xüsusi önəm verdiklərini və Təhsil Nazirliyi ilə səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə edib. Bəxtiyar Aslanbəyli bundan sonra da təhsillə bağlı layihələrin reallaşdırılmasına dəstək olmağa maraqlı olduqlarını söyləyib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva öz növbəsində kurikulum anlayışından bəhs edən kitabın ərsəyə gəlməsini yüksək dəyərləndirib və bu işdə rolu olan hər kəsə təşəkkürünü bildirib. İlhamə Abdullayeva qeyd edib ki, “Kurikulum bələdçisi” (izahlar və tətbiqlər) kitabı müəllimlərin müstəqil olaraq yeni pedaqoji anlayışları öyrənə bilmələrinə mühüm dəstək olacaq.

Təqdimat mərasimində çıxış edən Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri də hazırlanmış vəsaitin əhəmiyyəti barədə danışıblar. Qeyd edilib ki, kitabın nəşr edilərək dövlət ümumi təhsil müəssisələrinə, müəllimlik ixtisasını tədris edən ali təhsil ocaqlarına paylanılması təşəbbüsünün dəstəklənməsi vəsaitin faydalılığını göstərir.

Kitabın hazırlanması ideyasını həssaslıqla qarşılayan və hərtərəfli köməyini əsirgəməyən Təhsil Nazirliyinə, BP-yə, vəsaitin müəlliflərinə minnətdarlığnı bildirən “Azedu.az” Təhsil Portalının baş direktoru Elşad Eyvazlı layihənin uğurla başa çatmasından məmnunluğunu ifadə edib.

Tədbirdə çıxış edən kitabın müəlliflərindən Ənvər Abbasov “Kurikulum bələdçisi” (izahlar və tətbiqlər) vəsaiti barədə ətraflı məlumat verib. Ənvər Abbasov bildirib ki, kitab müəllimlərin müstəqil olaraq yeni pedaqoji anlayışları öyrənə bilmələrinə dəstək olaraq hazırlanıb. Kitabda təhsil islahatlarının tələbləri nəzərə alınıb, istər pedaqogikada, istərsə də psixologiyada bu gün üçün yeni olan ən zəruri anlayışlar əhatə edilib.

Qeyd edək ki, kurikulum resursları barədə kitab və pedaqoji terminlərə dair qısa lüğət müəllimlərin və universitet tələbələrinin qabaqcıl tədris metodlarına dair biliklərinin artırılması məqsədilə sosial sərmayə layihəsi çərçivəsində hazırlanıb. Azərbaycanda Sosial Sərmayə Təşəbbüsləri çərçivəsində BP və tərəfdaşları tərəfindən maliyyələşdirilən və “Azedu.az” Azərbaycan Təhsil Portalının təşkilatçılığı ilə hazırlanan layihənin əsas məqsədi müəllimlərin və universitet tələbələrinin qabaqcıl tədris metodlarına dair biliklərini artırmaqdan ibarətdir.