AZƏRBAYCAN » CƏMİYYƏT
08 Noyabr 2019, 15:10 (GMT +4)

“Bir uşaq da sən böyüt!” layihəsinə start verilib

Bakı, 8 noyabr, SalamNews."Mover MMC və “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası İctimai Birliyi birgə sosial kampaniyaya başlayıb.

SalamNews-un məlumatına görə, iki qurumun birgə əməkdaşlığı çərçivəsində Mover MMC-nin müştəriləri “SOS Uşaq Kəndləri” İB-nin çətiri altında yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqlara dəstək ola biləcək.

“BİR UŞAQ DA SƏN BÖYÜT!” şüarı ilə həyata keçirilən kampaniyada müştərilər Mover MMC-nin xidmətlərindən istifadə zamanı ödədikləri məbləği qəpikdən manata böyüdərək kimsəsiz uşaqların böyüməsinə dəstək olacaq.

Misalçün, Mover-in xidmətlərindən istifadə edən müştərinin şirkətə ödəyəcəyi məbləğ 2 manat 90 qəpikdirsə, müştəri bu məbləği 3 manata tamamlayaraq qalıq hissəni SOS Uşaq Kəndləri” İB-yə göndərəcək. Beləliklə, kiçik məbləğləri BÖYÜTməklə kimsəsiz bir uşağın BÖYÜMƏSİNƏ misilsiz dəstək vermiş olacaqlar.

Valideyn himayəsindən məhrum olmuş körpələrin hər birimizin ən kiçik dəstəyinizə belə ehtiyacı var. Hər iki qurum əmindir ki, “BİR UŞAQ DA SƏN BÖYÜT!” layihəsi çərçivəsində toplanacaq vəsait yüzlərlə uşağın layiqli fərd kimi böyüməsinə imkan tanıyacaq.

Layihənin tam şəffaf olması, eyni zamanda müştərilərin bağışladıqları vəsaitin necə xərcləndiyini bilmələri üçün həm Mover MMC, həm də “SOS Uşaq Kəndləri” İB mütəmadi olaraq hesabat yayacaq və ictimaiyyəti kampaniyanın gedişatı barədə məlumatlandıracaq.