AZƏRBAYCAN » İQTİSADİYYAT
16 Oktyabr 2019, 16:06 (GMT +4)

"Azərsun Holdinq" mükafata layiq görülüb

Bakı, 16 oktyabr, SalamNews. Azərbaycanın qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” Türkiyədə mükafata layiq görülüb.

Şirkətdən SalamNews-a verilən məlumata görə, insan resursları sahəsində Türkiyənin ən böyük təşkilatı olan PERYÖN artıq 11-ci ildir ki, “İnsana dəyər mükafatları” mərasimini həyata keçirir. Mükafatın əsas məqsədi şirkətlərdəki innovativ, yaradıcı və uğurlu təcrübələri öyrənmək, nümunəvi çalışmaları hamıya tanıtmaq, bir birindən öyrənmə prosesini təşviq etmək və dəstəkləməkdir.

Türkiyə xaricindən ilk müraciət edən şirkət olan “Azərsun Holdinq”in istedadların inkişafı və idarə edilməsi kateqoriyasındakı təcrübəsi öncə “Deloitte Türkiyə” tərəfindən incələnmiş və uyğun görülən şirkətlərlə birlikdə jüri qiymətləndirmə mərhələsinə dəvət alıb.

Müstəqil ekspert və professorlardan ibarət jüri qarşısında təqdimat edilərək suallar cavablandırılıb. Daha sonra təşkil edilmiş PERYÖN Gala Gecəsində ilk dəfə bu prosesdə iştirak edən “Azərsun Holdinq” Türkiyənin öndə gələn şirkət və holdinqlərini geridə qoyaraq nümunəvi təcrübə kimi finalçı mükafatına layiq görülüb. “Azərsun Holdinq”in bu uğuru təkcə Türkiyədə deyil, eyni zamanda mükafatlandırma prosesinin tərəfdaşı olan Avropa insan resursunun idarə edilməsi cəmiyyəti – EAPM nəzdində də böyük maraq və təqdirlə qarşılanıb.

Qeyd edək ki, 2019-cu ildən etibarən PERYÖN “İnsana dəyərdə liderlik” böyük mükafatı Avropa insan resursunun idarə edilməsi cəmiyyəti – EAPM (European Association of People Management) tərəfindən tanınaraq beynəlxalq müstəvidə öz əhəmiyyətini daha da artırmış oldu.