AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA
15 Oktyabr 2019, 14:30 (GMT +4)

Tvinninq layihəsi çərçivəsində ekspertlərin səfəri keçirilib

Bakı, 15 oktyabr, SalamNews.Tvinninq layihəsinin “AzMKÇ nəzərə alınmaqla və kompetensiya və bacarıqlara əsaslanan nailiyyətlərin təsvir edilməsi məqsədi ilə prioritet sahələrdəki proqramların təhsil standartlarının təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi” adlı 1.5 nömrəli fəaliyyəti çərçivəsində yeddinci missiya həyata keçirilib.

SalamNews Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Missiya Latviya Universitetinin Məktəbəqədər təhsil və ibtidai təhsil kafedrasının rəhbəri İneta Helmane, Latviya Universitetinin baş elmi işçisi Antra Ozola və həmin universitetin Fizika, Riyaziyyat və Optometriya Fakültəsinin layihə üzrə koordinatoru Janis Menkis tərəfindən baş tutub.

Missiyanın məqsədi müvafiq olaraq ibtidai sinif müəllimliyi, informatika müəllimliyi və riyaziyyat müəllimliyi ixtisasları üzrə dövlət standartının yenilənməsindən ibarət olub.

Missiya çərçivəsində ekspertlər Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Mühəndislik Universitetində qeyd olunan ixtisasların tədrisi üzrə ixtisaslaşmış professor-müəllim heyəti ilə görüşüb, sözügedən standartların yenilənməsi ilə bağlı onların rəy və təkliflərini öyrəniblər.

Bundan başqa, ekspertlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif müəllimliyi fakültəsində, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Universiteti və Bakı Mühəndislik Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi üzrə ixtisaslaşmış fakültələrində olub, professor-müəllim heyəti ilə görüşərək müzakirələr aparıb, bu ixtisasların tədrisində istifadə olunan maddi-texniki baza ilə tanış olublar.

Missiya nəticəsində ekspertlər həmin ixtisaslar üzrə dövlət standartlarında əksini tapmış peşə kompetensiyalarını yeniləyib, maddi-texniki baza üzrə minimal tələblər və məzunlar üçün potensial məşğulluq sahələrini müəyyən ediblər.

Qeyd edək ki, dövlət standartının yenilənməsi zamanı ekspertlər dövlət standartlarının Tvinninq layihəsinin ekspertləri tərəfindən kompetensiya əsaslı yanaşmaya uyğun olaraq işlənib hazırlanmış yeni formatından istifadə ediblər.

Ekspertlər həmçinin ayrı-ayrı universitetlərdə qeyd olunan ixtisasların tədrisinin təkmilləşdirilməsi istiqamətində tövsiyələr işləyib hazırlayıblar.