AZƏRBAYCAN » CƏMİYYƏT
12 Oktyabr 2019, 14:22 (GMT +4)

Dövlət Komitəsinin nümayəndə heyəti Polşada səfərdədir

Bakı, 12 oktyabr, SalamNews.Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Polşa Respublikasında səfərdədir.

Komitədən SalamNews-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq Qniezno şəhərindəki “Azərbaycan-Polşa Dostluq” abidəsini ziyarət edib. Abidə önünə əklil qoyulub.

Azərbaycan nümayəndə heyətinin şəhər meri Tomaş Budaş ilə görüşü olub. Qeyd edilib ki, Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin dərin tarixi kökləri var və bu abidə də dostluq əlaqələrinin ən bariz nümunəsidir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov səmimi münasibətə görə Qniezno şəhərinin meri və nümayəndə heyətinə təşəkkür edib, ölkələrimiz arasındakı isti münasibətlərin daha da dərinləşməsi, buradakı Azərbaycan diasporunun və Azərbaycandakı polyak icmasının fəaliyyəti barədə fikirlərini bölüşüb.

Tədbirdə Azərbaycanın Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov iştirak edib və Azərbaycan-Polşa əlaqələrinin inkişafı ilə bağlı çıxış edib.

Xatırladaq ki, Polşanın qədim paytaxtı sayılan Qniezno şəhərindəki “Azərbaycan-Polşa Dostluq” abidəsi Azərbaycan-Polşa əlaqələrinin inkişafına müstəsna töhfələr vermiş ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində ucaldılıb.

Abidə üz-üzə dayanmış palıd ağacı yarpağı formasındadır və onun iç tərəfində Azərbaycanın və Polşanın müasir siyasi xəritələri təsvir edilib. Abidə üzərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Polşa haqqında, polyak əsilli Roma Papası II İohann Pavelin Azərbaycan haqqında söylədiyi fikirləri yer alıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Polşaya səfəri davam edir.