AZƏRBAYCAN » SƏRGİLƏR
09 Oktyabr 2019, 13:35 (GMT +4)

Təhsil Sərgisinə 22 ölkədən 150-dək iştirakçı qatılacaq

Bakı, 9 oktyabr, SalamNews, K.Orxan. Oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə 22 ölkədən 150-dək iştirakçı qatılacaq. Sərgi ölkədə və regionda təhsil sahəsinə həsr olunan, aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, eləcə də xaricdə təhsil üzrə məsləhətçi şirkətlərini bir araya gətirən irimiqyaslı beynəlxalq tədbirdir.

SalamNews xəbər verir ki, bu fikirlər oktyabrın 9-da sərgi ilə əlaqədar keçirilən mətbuat konfransında səsləndirilib. Mətbuat konfransında Təhsil nazirinin müşaviri Elnur Məmmədov, “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə, “Kapital Bank”ın marketinq departamentinin direktoru Günel Fərzəliyeva, sərgi meneceri İrina Babayeva sualları cavablandırırlar.

Qeyd olunub ki, sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.