AZƏRBAYCAN » İQTİSADİYYAT
09 Oktyabr 2019, 18:00 (GMT +4)

Nazir: 8 ayda Azərbaycanla Qazaxıstanın ticarət dövriyyəsinin həcmi 11 faiz artıb

Bakı, 9 oktyabr, SalamNews. Cari ilin 8 ayında Azərbaycanla Qazaxıstanın ticarət dövriyyəsinin həcmi 11 faiz artıb.

SalamNews xəbər verir ki, bu barədə oktyabrın 9-da Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclasında Energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 55,4 faiz artaraq təxminən 221 milyon ABŞ dollarına yaxın olub: "2018-ci ildə ixrac 36,1 faiz, idxal isə 61,5 faiz artıb. Cari ilin 8 ayı ərzində də ticarət dövriyyəsinin həcmidə 11 faiz artım müşahidə olunur. İlin sonunadək Nur-Sultan şəhərində açılacaq Azərbaycan Ticarət Evi daha çox məhsul ixracına imkan yaradacaq. Həm energetika, nəqliyyat, kənd təsərrüfatı, həm də digər sahələrdə əməkdaşlığımız və qarşıya qoyulan məqsədlər ölkələrimizin inkişafına töhfə verəcək".