DÜNYA » SİYASƏT
17 Sentyabr 2019, 09:29 (GMT +4)

Putin Səudiyyə, Yəmən və S400-lə bağlı sualı Quran ayəsilə cavablandırıb (VİDEO)

Bakı, 17 sentyabr, SalamNews, B.Samid. Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanın neft təsisatlarına edilən hücumu və Yəmənlə bağlı müharibəni Quran ayəsilə cavablandırıb.

SalamNews xəbər verir ki, ötən gün Ankarada Rusiya, Türkiyə və İran prezidentlərinin birgə mətbuat konfransı zamanı Vladimir Putinə Yəmən müharibəsi və Səudiyyə Ərəbistanın neft təsisatlarına edilən hücumla bağlı sual verilib.

Rusiya prezidenti tərəfləri sülhə və barışığıa çağırmaq istədiyini bildirib və bu haqda Ali-İmran surəsinin 103-cü ayəsini konfransa qatılanlara oxuyub.

Qeyd edək ki, bu Quran ayəsində Mütəal Allah ona inananları bir olmağa çağırır. Ayədə deyilir:

"Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!"

Putin çıxışının davamında S400 havadan müdafiə sistemlərinin satışı üçün yenə də Quran ayələrindən yararlanmağa çalışıb.

O bildirib ki, "Quranda bütün zorakılıqlar pislənilir yalnız özünü müdafiəyə icazə verilir. Elə isə Səudiyyə də özünü müdafiə etmək istəyirsə onlara bu sistemlərdən sata bilərik."