AZƏRBAYCAN » İQTİSADİYYAT
12 Sentyabr 2019, 14:35 (GMT +4)

Orxan Məmmədov: Azərbaycanda qadın və əlil sahibkarlara çox böyük dəstək verilir

Bakı, 12 sentyabr, SalamNews. "Son zamanlar Azərbaycanda qadın və əlil sahibkarlara çox böyük dəstək verilir".

SalamNews-un məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, KOBİA da bu sahəyə çox böyük diqqət yetirir: “Hesab edirik ki, həm qadınlar, həm də əlillər məşğulluqda öz yerini tutmalıdırlar”.

O. Məmmədov bildirib ki, qadın sahibkarlar çox aktivdir və onlar öz məhsullarını sərgilərdə nümayiş etdirə bilirlər: “Onların bir problemi var ki, o da məhsullarını geniş kütləyə nümayiş etdirə bilməməsidir. Bu halda KOBİA onların məhsullarını təşviq etməyə kömək göstərəcək”.

Qeyd edək ki, bu gün Bakıda 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi “Gift & Promo 2019” və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi “Adprint 2019” işə başlayıb. KOBİA-nın də dəstək göstərdiyi sərgidə 50-yə yaxın yerli və xarici şirkətin, o cümlədən mikro və kiçik qadın sahibkarların məhsulları və əl işləri, eləcə də bir sıra sosial sahibkarlıq layihələri təqdim olunur.

KOBİA-nın dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə əsasən qadın və əlil sahibkarların əl işləri nümayiş olunur. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və s. olmaqla ümumilikdə 50-yə yaxın çeşiddə əl işləri sərgilənir.