DÜNYA » SİYASƏT
12 Sentyabr 2019, 09:18 (GMT +4)

BMT Netanyahunun fələstinlilərə qarşı yeni ərazi iddialarına münasibət bildirib

Bakı, 12 sentyabr, SalamNews, B.Samid. "BMT-nin baş katibi Antonio Quterreş baş nazir Benyamin Netanyahunun İordan çayının qərb sahilində bəzi bölgələrdə İsrailin hakimiyyətini təmin etməsi ilə bağlı çıxışından narahat və nigarandır. Onun fikrinə görə Netanyahunun bu kimi çıxışları sülh danışıqlarının yenidən bərpa edilməsini məhv edə bilər."

SalamNews FarsNews-a istinadla xəbər verir ki, bu barədə BMT-nin baş katibinin ofisi bəyanat verib.

Bildirilib ki, baş katib Antonio Quterreş İsrail baş nazirinin İordan çayının qərbində bəzi ərazilərin ələ keçirilməsi ilə bağlı çıxışından narahatdır. Əlavə edilib ki, A. Quterreş B. Netanyahunun son iddialarını sülh danışıqlarının yenidən bərpa edilməsi qarşısında ciddi maneə görür.

Qeyd edək ki, ötən gün Avropa İttifaqı da Benyamin Netanyahunun çıxışının qınayıb və onun bu addımını bölgədə sülhə maneə yaradacağını bəyan edib.

Xatırladaq ki, B. Netanyahu iki gün öncə Knesset seçkilərinin təbliğat kompaniyası çərçivəsində yeni ərazi iddiaları fonunda verdiyi vədin bəzi detallarını açıqlayıb və bildirib ki, ABŞ-la aparılan koordinasiya ilə İordan çayının qərb hissəsində bəzi bölgələrin üzərində, xüsusilə də yəhudi yaşayış massivlərinin, Ölü dənizinin şimalı və İordan çayı üzərində İsrailin hakimiyyəti və suverenliyi təmin ediləcək.

Bu bəyanatdan sonra Səudiyyə Ərəbistanı, İordaniya və Misir və sair müsəlman ölkələri İslam Əməkdaşlıq Təşkilatını dərhal toplantı keçirməyə çağırıb.

Qeyd edək ki, 5860 kvadrat km ərazisi olan və təqribən 3 milyon fələstinlinin sakin olduğu İordan çayının qərb sahili 1967-ci ildə İsrail tərəfindən işğal edilib. Bəzi bölgələr tam olaraq İsrailin işğalında qalsa da, bəzi nahiyələrin yalnız giriş, çıxışları İsrail qüvvələri tərəfindən nəzarətdə saxlanılır. Ötən il ABŞ-ın Qüds qərarından və Suriyanın Colan Yüksəkliklərini İsrail ərazisi kimi tanımasından sonra İordan çayının qərb sahili və Qəzzada fələstinlilərin etirazları artıb. Bəzi ekspertlər vəziyyətin belə davam edəcəyi təqdirdə İordan çayının qərb sahilinin də İsrailin ərazisi kimi tanınmasını istisna etməyiblər.