AZƏRBAYCAN » İQTİSADİYYAT
10 Sentyabr 2019, 17:10 (GMT +4)

Bakıda 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi keçiriləcək

Bakı, 10 sentyabr, SalamNews.Azərbaycan sahibkarların sentyabrın 12-14-də Bakıda keçiriləcək II Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisində (“Gift & Promo 2019”) əl işlərini təqdim edə biləcəklər.

Bu barədə SalamNews-a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Məlumata görə, sərgidə KOBİA-nın dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) tərəfdaşlığı ilə xüsusi stend yaradılacaq. Bu stenddə əsasən mikro və kiçik qadın sahibkarların əl işləri nümayiş olunacaq. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və s. sərgilənəcək.

Qeyd edək ki, KOBİA startapların, mikro, kiçik və orta sahibkarların müxtəlif sərgilərdə iştirakına, məhsul və xidmətlərini təqdim etməsinə mütəmadi dəstək göstərir. Bu cür tədbirlər KOB-ların satış imkanlarının genişləndirilməsi, yeni biznes əlaqələrinin qurulması, ümumilikdə sahibkarlığın inkişafı və təşviqi baxımından əlverişli platformanı təmin edir.