AZƏRBAYCAN » İQTİSADİYYAT
10 Sentyabr 2019, 17:40 (GMT +4)

ARDNF-in 20 illiyinə həsr edilmiş poçt markaları buraxılıb

Bakı, 10 sentyabr, SalamNews. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) məxsus “Azərmarka” MMC Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 20 illiyinə həsr edilmiş poçt markalarını tədavülə buraxıb.

Bu barədə SalamNews-a Nazirlikdən məlumat verilib.

Buraxılış 6 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Vərəqin ölçüsü 142x123 mm, markanın ölçüsü 28x40 millimetrdir. Markanın üzərində ARDNF-in loqotipi və “20 il. Azərbaycan Respublikası Dövlət Neft Fondu. 1999-2019” sözləri yazılıb. Arxa fonda qrafik şəkildə ARDNF-in binası, neft nasosu və neft buruğu təsvir olunub.

Dizayneri Nəriman Məmmədzadə olan poçt markaları 80 000 ədəd tirajla Belarusun Bobruysk şəhərində çap olunub, həmçinin 600 ədəd Birinci gün zərfi və xüsusi xatirə möhürü də hazırlanıb.