DÜNYA » AVTOİDMAN
02 Sentyabr 2019, 10:41 (GMT +4)

Şarl Lekler Formula 1 üzrə Belçika Qran-prisinin qalibi olub

Bakı, 2 sentyabr, SalamNews. "Ferrari"nin monakolu pilotu Şarl Lekler Formula 1 üzrə Belçika Qran-prisinin qalibi olub.

SalamNews xəbər verir ki, uzunluğu 7004 metr olan Spa avtodromunda təşkil olunan mövsümün 13-cü yarışında pilotlar 44 dövrə vurublar. Bütün rəqiblərini qabaqlayan Ş.Lekler Belçika Qran-prisində birinci olub və karyerasında ilk qələbəsini qazanıb. "Mercedes"in britaniyalı pilotu Lyuis Hamilton yarışı ikinci, finlandiyalı Valtteri Bottas isə üçüncü pillədə başa vurublar.

Pilotların cədvəlinə 268 xalla L.Hamilton başçılıq edir. V.Bottas 203 xalla ikinci, Maks Ferstappen ("Red Bull Racing") isə 181 xalla üçüncüdür.

Konstruktorlar kubokunda "Mercedes" 471 xalla birinci yerdədir. Hesabında 326 xal olan "Ferrari" ikinci, "Red Bull Racing" 254 xalla üçüncü pillədə qərarlaşıb.

Növbəti yarış sentyabrın 6-8-də İtaliyada təşkil olunacaq.