DÜNYA » SİYASƏT
29 Avqust 2019, 09:54 (GMT +4)

Suriya Ordusu Xavin qəsəbəsini «Əcnadul-Qafqaz» radikal qruplaşmasından geri alıb

Bakı, 29 avqust, SalamNews, B.Samid. Suriya ordusu İdlib əyalətinin cənub-şərqində yerləşən Xavin qəsəbəsini "Əcnadul-Qafqaz" radikal qruplaşmasından geri alıb.

SalamNews  Suriya mətbuatına istinadla xəbər verir ki, ötən gecə ordu hava və artileriya zərbələrinin müşayiəti ilə İdlib əyalətinin cənub-şərqində yerləşən Xavin qəsəbəsini, üzvlərinin çoxunu qafqazlı radikal terrorçular təşkil edən "Əcnadul-Qafqaz" qruplaşmasından geri alıb.

Qəsəbə ətrafında yerləşən əkin sahələri də nəzarətə götürülüb.

Bu, Suriya Ordusunun İdlibin cənubu və Həma əyalətinin şimalında Xan-Şeyxunu və ətrafını azad etməsindən sonra ilk irəliləyiş hesab edilir.

Qeyd edək ki, "Əcnadul-Qafqaz" 2016-cı ilin əvvəlində əyalətin Əbu-Zuhur qəsəbəsi və hava limanını zəbt etdikdən sonra burada qətliamlar və kütləvi edamlar həyata keçirib.