AZƏRBAYCAN » CƏMİYYƏT
26 Avqust 2019, 10:42 (GMT +4)

Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70 illik yubileyidir

Bakı, 26 avqust, SalamNews. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70 illik yubileyidir.

SalamNews-un məlumatına görə,  Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olub. İlk dini təhsilini yerli din adamlarından alıb.

1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olub və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirib. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olub. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib və Şeyx-ül-islam dərəcəsinə yüksəlib. 1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilib.

15 noyabr 1988-ci ildə sülhsevərlik fəaliyyətinə görə, SSRİnin Xalqlar Dostluğu ordeni ilə təltif edilib. 1989-cu ildə SSRİ xalq deputatı, daha sonra müstəqil Azərbaycanın millət vəkili seçilib. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur.

1992-ci il 7 sentyabrda Çeçenistanın paytaxtı Qroznı şəhərində çağırılan Qafqaz Evi konfransında Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilib. 2003-cü ildə şeyxülislamlıq vəzifəsinə ömürlük seçilib.

Dünyanın ən nüfuzlu 500 müsəlman şəxsiyyətindən sayılır. 1991-ci ildə Bakı İslam Universitetinin təsis edib.