DÜNYA » SİYASƏT
10 Avqust 2019, 12:48 (GMT +4)

Ayətullah Xamenei: ABŞ-ın Fələstinlə bağlı planı məğlubiyyətə məhkumdur

Bakı, 10 avqust, SalamNews, B.Samid. "ABŞ-ın Fələstinlə bağlı əsrin sazişi adlı planı məğlubiyyətə məhkumdur. Bu plan müqavimət cəbhəsinin səyi, iradəsi və imanı nəticəsində baş tutmayacaq."

SalamNews TasnimNews-a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri ayətullah Seyid Əli Xamenei deyib.

Ayətullah Xamenei Məkkəyə toplaşan iki milyondan artıq hacıya müraciəti zamanı onları İslam ümmətinin əsas problemi olan Fələstin məsələsində yekdil olmağa və bu məsələdə fəal rol oynamağa çağırıb. O bildirib ki, müqavimət cəbhəsinin səyi ilə ABŞ-ın Fələstin planı baş tutmayacaq.

Dünyanın müxtəlif ölkələrindən həcc ziyarətinə yollanan zəvvarlara çağırış edən Ayətullah Xamenei onları dinin təməl hökmlərindən olan "təvəlla" (Allahın dostu ilə dost olmaq) və "təbərranı" (Allahın düşməni ilə düşmən olmaq) yerinə yetirməyə çağırıb.

Ayətullah Xamenei dünya hacılarına etdiyi müraciətdə həcc mərasimində yerinə yetirilməsi vacib olan "bəraət" ayininin lazımınca yerinə yetirilməsini istəyib. O bildirib ki, bu dini ayin hacılardan tələb edir ki, müsəlmanlara qənim kəsilən ABŞ-ın, onun dəstək verdiyi İsrailin və digər hegemonların zülmlərinə etiraz etsinlər.