DÜNYA » DİN
06 Avqust 2019, 09:37 (GMT +4)

Tanınmış əfqanıstanlı müctəhid ayətullah Məhəmməd Asəf Muhsini vəfat edib

Bakı, 6 avqust, SalamNews, B.Samid. Tanınmış əfqanıstanlı müctəhid, regionda məzhəblərarası dialoqun formalaşmasında böyük rolu olan, Əfqanıstan şiə alimləri şurasının sədri ayətullah Məhəmməd Asəf Muhsini ötən gün Kabildə vəfat edib.

SalamNews xəbər verir ki, ayətullah Məhəmməd Asəf Muhsini 1935-ci ildə Əfqanıstanın Qəndəhar əyalətində dünyaya gəlib. Dini təhsilini Nəcəf-Əşrəf şəhərində almağa başlayıb. Dini təhslini İranın Qum şəhərində davam etdirib və burada da müctəhidlik dərəcəsinə çatıb.

Sovet İttifaqının Əfqanıstanı işğal etməsi dövründə təcavüzə qarşı mübarizədə mühüm əməyi olan müctəhid Taliban hərəkatının istilası dövründə ölkəni tərk etməyə məcbur qalıb. Lakin radikal Taliban hərəkatının uzaqlaşdırılmasından sonra ölkəyə qayıdan ayətullah Məhəmməd Asəf Muhsini ölkənin siyasi, ictimai və mədəni həyatında mühüm təsir buraxıb.

O ölkə konstitusiyasının yazılmasında yaxından iştirak edib və Kabildə Xatəmul-Ənbiya mədrəsəsini təsis edib.

Onlarla əsərin sahibi olan ayətullah Məhəmməd Asəf Muhsini ötən gün Kabildə vəfat edib.