DÜNYA » SİYASƏT
02 Avqust 2019, 11:40 (GMT +4)

Yaponiya və İspaniya ABŞ-ın Hörmüzdə hərbi ittifaq yaratmaq təklifini qəbul etməyib

Bakı, 2 avqust , SalamNews, B.Samid. Almaniyadan sonra İspaniya və Yaponiya da Hörmüz boğazında nəzarəti bərpa etmək məqsədilə ABŞ-ın irəli sürdüyü hərbi ittifaq təklifini qəbul etməyiblər.

SalamNews  FarsNews-a istinadla xəbər verir ki, İspaniyanın "El Confidencial" qəzeti ölkə rəsmilərinə istinadla məlumat yayıb ki, ölkə rəhbərliyi ABŞ-ın Hörmüzlə bağlı təklifini qəbul etməyib.

Bu qəzet İspaniya mənbələrinə istinadla bildirib ki, rəsmi Madrid ABŞ-ın təklifini alıb, amma ona müsbət cavab verməyib.

Eyni zamanda Yaponiyanın "Maniçi" qəzeti də ölkə rəsmilərinə istinadla bildirib ki, rəsmi Tokiyo ABŞ-ın Hörmüzlə bağlı təklifini qəbul etməyib.

Yaponiya bundan öncə ABŞ-ın təklifini araşdırdığını bildirmişdi.

Qeyd edək ki, son aylarda Fars Körfəzi və Oman dənizində neft gəmilərinin hədəfə alınması, qarşılıqlı şəkildə müxtəlif ölkə gəmilərinin o cümlədən İran və Britaniya gəmilərinin saxlanılmasından sonra ABŞ hökuməti Hörmüzdə "dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün" hərbi ittifaq və ya hərbi şuranın yaradılmasını təklif edib. ABŞ hökuməti bildirib ki, bu istiqamətdə 60 ölkəyə təklif göndərilib.

Bildirək ki, BMT konvensiyalarına əsasən Hormüz boğazından müxtəlif gəmilərin keçməsi, İran və Oman Sultanlığının təhlükəsizliyinə zərbə vurmayacağı təqdirdə azad və sərbəst hesab olunur.