AZƏRBAYCAN » CƏMİYYƏT
26 İyul 2019, 17:33 (GMT +4)

"Təhsil avtobusu – Nəsimi" yay məktəbinin növbəti tədbiri Cocuq Mərcanlıda baş tutub

Bakı, 26 iyul, SalamNews.İyulun 26-da "Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində təşkil olunan "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin növbəti tədbiri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilib.

SalamNews Təhsil Nazirliyinə istinadən xəbər verir ki, açılış mərasimində layihənin təşkilatçıları, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın nümayəndələri, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru iştirak edib.

Bildirilib ki, "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və məktəblilərə Nəsimi yaradıcılığını tanıtmaqdır.

Yay məktəbində Cocuq Mərcanlı kənd tam orta məktəbinin, eləcə də Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin 6-9-cu sinif şagirdləri iştirak edib. Şagirdlər üçün "Xəyal et və yarat", “Sabahı düşün”, "Gələcəyə addımla", "Mən uğurlu natiqəm”, “Cahanı kəşf et” komanda oyunu və "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar.

"Təhsil avtobusu – Nəsimi" yay məktəbi Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edir. İyulun 29-dək davam edəcək yay məktəbi çərçivəsində bu bölgələrdəki məktəblərin akademik göstəriciləri zəif və orta olan şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək.

Qeyd edək ki, “Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “Paşa Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi, “Vitam Reklam”, “Şərq-Qərb” ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart” yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, “BD Kids”, “Code Tusi” şirkəti, SABAH qrupları, “Sabah” Futbol Klubu, “Şəhanə” onlayn mağazasının tərəfdaşlığı ilə keçirilir.

Layihənin informasiya dəstəkçiləri İctimai TV, ARB TV, Təhsil TV, 1news.az, AZƏRTAC, “Edumap” Təhsil portalı, “Fam Tram”-dır.

"Təhsil avtobusu – Nəsimi" yay məktəbinin növbəti ünvanı Qazax rayonu olacaq.