AZƏRBAYCAN » CƏMİYYƏT
26 İyul 2019, 12:50 (GMT +4)

Azərbaycanda sabahın hava proqnozu açıqlanıb

Bakı, 26 iyul, SalamNews.Azərbaycanda iyulun 27-sinə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SalamNews-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 27-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 55-60 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 14-18, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 27-28-də Abşeron yarımadasında zəif şərq istiqamətli küləklərin üstünlüyü və havada rütubətin bir qədər çox olması gözlənilir ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər.