DÜNYA » SİYASƏT
16 İyul 2019, 10:17 (GMT +4)

Yəmənlilər Səudiyyə Ərəbistanın strateji hərbi qərargahını yenidən hədəfə alıblar

Bakı, 16 iyul, SalamNews, B.Samid. Husilər və onlarla müttəfiq olan Yəmən Ordusu Səudiyyə Ərəbistanın Əsir bölgəsində yerləşən Xamis-Muşayt şəhərində bir hərbi hava qərargahını hədəfə alıblar.

SalamNews bu barədə husilərin əl-Məsira telekanalına istinadla xəbər verir.

Husilərlə müttəfiq olan Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sərinin sözlərinə görə onlar “Qasif K2” pilotsuz təyyarələri Xamis Muşaytda yerləşən Məlik-Xalid hərbi hava qərargahını və burada yerləşən silah anbarlarını hədəfə alıb.

Əlavə edilib ki, zərbələr nəticəsində qərargahın hava limanında partlayışlar baş verib.

Səudiyyə Ərəbistanı hərbi mənbələri hücumun baş verdiyini təsdiqləyib, lakin hərbi qərargahda partlayışın baş verməsi barədə məlumat verməyib.

Husilər iki ay öncə Səudiyyə və BƏƏ-nin 300-dən çox strateji obyektini hədəfə alacaqlarını planlaşdırdıqlarını bildirmişdilər.