AZƏRBAYCAN » AVTOİDMAN
24 May 2019, 16:18 (GMT +4)

Arif Rəhimov Monakoda "Formula 1"lə bağlı iqtisadi forumda iştirak edib

Bakı, 24 may, SalamNews. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov Monako Qran-prisi ərəfəsində "Formula 1"in işgüzar fəaliyyətinə dair ənənəvi olaraq keçirilən iqtisadi forumun builki buraxılışında iştirak edib.

BŞH-dan SalamNews-a verilən məlumata görə, “Financial Times” qəzetinin təşkilatçılığı ilə hər il “Monako və bu şəhərin “Formula 1”dəki yeri” adı altında keçirilən forum bu il Monako Qran-prisinin 90 illiyi münasibətilə xüsusi mövzuya - “Formula 1”in iqtisadi faydaları”na həsr olunub.

BŞH-nin dəstək göstərdiyi forumda natiq qismində Rəhimovdan savayı, Monako Qran-prisinin strateji məsləhətçisi və qlobal səfiri Erik Bulliyer, “Formula One Management” şirkətinin təşkilati və işgüzar əlaqələr üzrə baş direktoru Kloy Target-Adams, UBS şirkətinin sponsorluq və tədbirlər departamentində brend aktivasiyası üzrə qrup rəhbəri Biyorn Vaspi, “Williams” komandasının rəhbər köməkçisi Kler Uilyams və “Sky Sports” telekanalının "Formula 1" üzrə rəhbəri Skot Yanq qatılıb.

Sayca 3-cü foruma avtoidman dünyasından 100-dək ali nümayəndə, o cümlədən “Formula 1”də sponsor kimi çıxış edən şirkətlərin təmsilçiləri, bilet və qonaqlama xidmətinə dair agentliklər, komanda rəhbərləri və digər yuxarı səviyyəli idarəçilər dəvət olunub.

Rəhimov şəhərin mərkəzi küçələrində keçirilən Azərbaycan Qran-prisinin ölkəyə və xüsusən də paytaxt Bakıya qazandırdığı iqtisadi və sosial faydalardan, qlobal təqdimat baxımından yarışın yaratdığı geniş imkanlardan danışıb.

Forum zamanı digər natiqlər "Formula 1"in yeni rəhbərliyinin bu idmanın təşkilatçılığına gətirdiyi yeniliklər və onun təsirləri, yarışın ümumi iqtisadi faydaları, yarış məkanlarında qlobal və yerli brendlər üçün yaradılmış yeni sponsorluq imkanları, gəncləşən “Formula 1” auditoriyasının yeni cağırışları və təqvimə əlavə olunan yeni yarış məkanlarının mümkün təsirləri ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, BŞH Monakodakı forumda təmsil olunması təsadüfü deyil. Əməliyyat şirkəti Bakıda 200-dək nümayəndənin, o cümlədən “Formula 1”in rəhbərliyi, avtoidman dünyasının aparıcı nümayəndələri və beynəlxalq media təmsilçilərinin iştirakı ilə indiyədək son 3 il ərzində hər il ardıcıl olaraq "Formula 1" yarışlarının ölkəyə faydaları mövzusunda beynəlxalq konfrans keçirib. Bundan başqa şirkətin təşəbbüsü ilə ilk iki ildə baş tutan Qran-prilərin ölkəyə gətirdiyi birbaşa və dolayı gəlirlərinin müəyyənləşdirilməsinə dair müstəqil araşdırma həyata keçirilib və bu araşdırmanın nəticələri ictimaiyyətə təqdim olunub.