AZƏRBAYCAN » MEDİA
21 May 2019, 16:38 (GMT +4)

Mətbuat Şurası Avropa Liqasının final oyunu ilə bağlı bəyanata cavab hazırlayır

Bakı, 21 may, SalamNews. Azərbaycan Mətbuat Şurasının (AMŞ) təşkilatçılığı ilə “Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində” mövzusunda "dəyirmi masa" keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə MŞ-nın İdarə Heyətinin üzvləri, qəzet və sayt redaktorları iştirak ediblər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Avropa Liqasının final oyununun Bakıda keçirilməsi böyük hadisədir: "Finalçılar məlum olduqdan sonra xarici xəbər portallarında məlumatlar dərc olunur. Böyük Britaniya hökuməti bəyanat verdi ki, Azərbaycana gedərkən ehtiyatlı olun. Bundan sonra bəzi mətbuat orqanları Londonun Bakıdan uzaq və qiymətlərin baha olduğunu bildirdilər. Bu kimi xəbərlər əksər KİV-lərdə və erməni mətbuatında yer aldı. Ən çox da erməni əsilli futbolçunun ölkəyə gəlməsi ilə bağlı fikirlər səsləndirildi. Bu kimi fikirlər Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində daim səsləndirilir. Bir sıra siyası qurumlar ölkəmizin uğurunu götürməyərək bu kimi qara niyyətlərini həyata keçirmək fikrinə düşürlər. Bəyan edirik ki, ölkədə dinindən, irqindən asılı olmayaraq, hər kəsin təhlükəsizliyi yüksək səviyyədə qorunur".

Ə.Amaşov həmçinin əlavə edib ki,  Azərbaycan Mətbuat Şurası mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı xarici mətbuat nümayəndələrinə bəyanat ünvanlayacaq. Burada məqsəd Böyük Britaniyanın oyunla əlaqəli yaydığı bəyanata cavab verməkdir.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib ki, ən böyük terror və təxribatlar məhz Londonda müşahidə olunur: "Daim bildiririk ki, bəzi musiqi və idman tədbirləri siyasiləşdirilməməlidir. London özü Bakı ilə müqayisədə qat-qat artıq kriminal ölkədir. Əvvəlcədən planlaşdırılmış hər hansı bir təxribatın məsuliyyəti "Arsenal" və "Çelsi"nin azerkeşləri və akkreditasiyadan keçən şəxslərin üzərinə düşməlidir".

"Teleqraf Holdinq"in baş direktoru Aynur Camal isə vurğulayıb ki, səsləndirilən fikirlər qərəzli və böhtan xarakterlidir: "Azərbaycanın paytaxtı Bakı şəhəri Cənubi Qafqazda ən sabit və sakit şəhərlərdən biridir. Bakıda terror aktı baş vermir. Lakin xaricdə bu hala tez-tez rast gəlinir. Məhz belə yarışın ölkədə keçirilməsi ərəfəsində qərəzli fikirlərin səslənməsi ölkəmizi sevməyən qüvvələrin işidir. Ölkəmiz hər zaman dünyaya özünü nümunəvi dövlət kimi göstərib".

Daha sonra çıxış edən "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev dünya mətbuatında Azərbaycanla bağlı səsləndirilən fikirlərə münasibət bildirib. 

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.