AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA
09 Aprel 2019, 16:35 (GMT +4)

ADNSU ilə AMEA-nın Yüksək Texnologiyalar Parkı əməkdaşlıq edəcək

Bakı, 9 aprel, SalamNews. Aprelin 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru Nazim Şükürovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ADNSU-dan SalamNews-a bildirilib ki, əvvəlcə tərəflər arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə bir sıra ortaq məsələlərin həlli yolları barədə fikir mübadiləsi aparılıb.

Mustafa Babanlı universitetin beynəlxalq əlaqələri, tədris prosesi, ixtisasları, laboratoriyaları barədə məlumat verib. ADNSU-nun Azərbaycanda texniki sahədə təhsil verən ən köklü ali təhsil ocağı olduğunu deyib. Rektor universitetin “Eazi START” Startap və İnnovasiya Mərkəzində görülən işlərdən danışıb, əsas məqsədlərdən birinin “Made in Azerbaijan” brendi adı altında xaricə məhsul çıxarmaq olduğunu bildirib.

Nazim Şükürov YT Parkın fəaliyyətindən söz açıb, ADNSU kimi nüfuzlu ali məktəblə əməkdaşlıq etməkdən məmnunluğunu bildirib. O, rəhbərlik etdiyi elmi müəssisənin əsas istiqamətlərindən birinin ölkə üçün uğurlu biznesmen yetişdirmək olduğunu deyib, bağlanacaq müqavilənin hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.