AZƏRBAYCAN » İQTİSADİYYAT
02 Aprel 2019, 11:38 (GMT +4)

“Azərenerji” istehsal və ixracını artırıb

Bakı, 2 aprel, SalamNews. “Azərenerji” ASC bu ilin birinci rübündə 6 milyard 151 milyon kilovat/saat elektrik enerjisi istehsal edib.

ASC-dən SalamNews-a bildirilib ki, bu, ötən ilin eyni rübü ilə müqayisədə 153 milyon kilovat/saat və ya 2,5 faiz çoxdur. Belə ki, ötən ilin birinci rübündə 5 milyard 998 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmişdi.

Bundan əlavə, elektik enerjisinin ixracı da ötən ilin birinci rübü ilə müqayisədə artıb. Əgər 2018-ci ilin birinci rübündə qonşu ölkələrə 131 milyon kilovat/saat elektrik enerjisi ixrac edilibsə, cari ilin ilk rübündə 161 milyon kilovat/saat ixrac olunub. Bu isə 30 milyon kilovat/saat və ya 23 faiz artım deməkdir.

Keçən ilin birinci rübü ilə müqayisədə bu ilin eyni rübündə elektrik enerjisinin istehlakı 3,41 faiz artıb. Ən əsası isə ötən ilin martı ilə müqayisədə cari ilin eyni ayında istehlak 6,1 faiz çox olub ki, bu da kifayət qədər ciddi artım olmaqla yanaşı, elektrik enerjisinə artan təlabat tempinin getdikcə yüksəldiyini göstərir.