DÜNYA » SİYASƏT
09 Mart 2019, 13:32 (GMT +4)

Əlcəzairdə prezidentin 5-ci namizədliyinə etiraz edənlərdən 195-i həbs olunub

Bakı, 9 mart , SalamNews, B.Samid. Əlcəzair prezidenti Əbdüləziz Buteflika 5-ci dəfə prezidentliyə namizədliyini irəli sürdükdən sonra ölkədə etiraz aksiyaları gündəlik keçirilməyə başlayıb. Təkcə ötən gün 195 nəfər saxlanılıb və həbs edilib.

SalamNews  əl-Hədas telekanalına istinadla xəbər verir ki, bu barədə Əlcəzair Polisi bəyanat verib.

Bildirilib ki, ötən günkü qaşıdurma və toplantılar zamanı 195 nəfər saxlanılıb.

Ölkənin müxtəlif bölgələrində keçirilən bu toqquşmalarda 112 nəfər yaralanıb.

Əlcəzair prezidenti Əbdüləziz Buteflika ayın 7-i ölkə xalqına ünvanladığı məktubda etirazçıları xarici və daxili təxribatçılara uymamağa, sabitsizliyə və xaosa yol açacaq hər hansı bir addım məsələsində ehtiyatlı olmağa çağırıb.

Bildirək ki, 81 yaşlı Ə. Buteflika 2013-cü ildə insult keçirdikdən sonra nadir hallarda mediada görünüb. Müxalifət qüvvələri onun ölkənin idarəçiliyində yararlı olmadığını bildirir və 5-ci dəfə namizədliyini irəli sürməsi fonunda ölkənin müxtəlif bölglərində etiraz aksiyalarının keçirilməsi ilə bağlı çağırış ediblər.