AZƏRBAYCAN » İDMAN
26 Fevral 2019, 11:09 (GMT +4)

Futbol üzrə Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlanıb

Bakı, 26 fevral, SalamNews.Futbol üzrə Azərbaycan çempionatında mövsümün 6-cı avtoqolu qeydə alınıb.

SalamNews xəbər verir ki, bu uğursuzluqla “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov üzləşib. Müdafiəçi XVIII turun “Sabah”la səfər oyununda (1:1) öz qapısına qol vurub. Bununla da B.Hüseynov Azərbaycan çempionatları tarixinin antirekordunu təkrarlayıb. Belə ki, “Qarabağ”ın futbolçusu Premyer Liqada 3-cü dəfə avtoqol müəllifi olub. Futbolçu 2011/2012-ci il mövsümündə “Sumqayıt”da çıxış edərkən “Kəpəz”lə, 2013/2014-cü il mövsümündə isə “Qarabağ”ın heyətində “Simurq”la səfər oyunlarında da öz qapısına qol vurub.

Müdafiəçi Azərbaycan çempionatları tarixində hamıdan çox – 3 avtoqola üzülən 7-ci oyunçudur. Onadək Ayxan Abbasov, Saşa Yunisoğlu, Denis Silva, Ruslan Abışov, Natiq Qasımov və Jairo Rodriges də eyni sayda uğursuzluq yaşayıb.