AZƏRBAYCAN » CƏMİYYƏT
30 Noyabr 2018, 18:01 (GMT +4)

Xanımlar bilməlidir ki, bunun ziyanı böyükdür - Umayra Tağıyeva

Bakı, 30 noyabr, SalamNews. "Plastik tullantıların mənfi təsirləri haqqında əhalimiz kifayət qədər məlumatlıdır, qəbul olunan qərarlarda biz çalışırıq ki, əhalinin fikri, maraqları nəzərə alınsın. Bu məqsədlə bu yaxınlarda bir neçə kütləvi informasiya vasitələrində sorğular yerləşdirilib"
SalamNews xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji marifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib. O, bildirib ki, məsələnin vacibliyi hamıya məlumdur. 
“Sorğuda “plastik məhsulların istifadəsinin məhdudlaşdırılmasına hazırsınızmı?” sualına cavab verən respondentlərin 80-90,6 %-i buna razı olduqlarını bildiriblər. Digərləri isə plastikin məhdudlaşdırılmasının tətəfdarı olmadıqlarını bildirərək, buna səbəb kimi plastikdən istifadəyə vərdiş etdiklərini əsas gətiriblər”.
U.Tağıyevanın sözlərinə görə, bir neçə aydır ki, nazirliyik tərəfindən ətraf mühitə plastik tullantıların mənfi təsirini azaltmaq məqsədilə həm maarifləndirici - təbliğat işləri, həm də bu məsələnin həllinə yönələn tədbirlər planının hazırlanması və qəbul olunması istiqamətində aktiv işlər görülür.
"Sevindirici bir haldır ki, əhali tərəfindən problemin həll olunması dəstəklənir, əlbəttə biz yaddan çıxarmamalıyıq ki, bu plastik tullantıların ətraf mühitə verdiyi ziyanla bərabər, tez alışdıqları üçün yanma zamanı atmosferə zərərli maddələr atılır, bu da bizim sağlamlığımız üçün əlavə risklər yaradır. Ən çox təhlükə yaradan nazik, 20 mkr-dan aşağı olan və əhali arasında “pinqivin” adlanan poletilen torbalardır. Bu torbalar həddindən çox istifadə olunur və əsasən də xanımlar bilməlidir ki, məişətdə istifadəsi rahat olsa da, sağlamlığımıza və ətraf mühitə ziyanı böyükdür. Buna vərdiş etsək də, bu vərdişimizi dəyişmək də öz əlimizdədir. Alternativ olaraq şüşə qablardan və ya üzəri emalla örtülmüş saxlama qablarından istifadə oluna bilər". 
Nazirlik rəsmisi qeyd edib ki, marketlərdə parça və kağız torbalardan istifadəyə üstünlük verilməlidir.