DÜNYA » SİYASƏT
08 Noyabr 2018, 14:45 (GMT +4)

Kaşıkçı İsrailin cəsus proqramı vasitəsi ilə təqib edilib - Edvard Snouden

Bakı, 8 noyabr, SalamNews. Ər-Riyad, İsrail şirkəti "NSO Group" tərəfindən hazırlanan casus proqramı ilə jurnalist Camal Kaşıkçının hər addımı izləyib. SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə,  bunu MKİ-nin keçmiş əməkdaşı Edvard Snouden  Tel-Əvivdə keçirilən forumdakı çıxışında bildirib. 

Telekonfrans yolu ilə çıxış edən Snoudenin sözlərinə görə, "NSO Group" kimi bəzi proqram şirkətləri müxalifətçiləri izləmək üçün hökumətlərə casus proqram satırlar.

"Onlar əlbəttə ki, Kaşıkçının konsulluğa gedəcəyini bilirdilər. Amma onun  niyyətləri və planları barədə necə xəbər tutdular?", deyə Snouden bildirib.

Keçmiş analitik iddia edir ki, Kaşıkçının Kanadada sürgündə olan dostunun telefonuna "NSO Qrup"un "Pegasus" adlı cəsus proqramı yüklənib.  Onun sözlərinə görə, məhz bu proqram sayəsində Kaşıkçı haqqında ətraflı məlumat toplanıb: "Həqiqət budur ki, səudiyyəlilər Kaşıkçının bəzi yoldaşlarını İsraildə yaradılan  casus proqramı ilə izləyiblər".

Kaşıkçı  cinayətindən bir gün əvvəl Kanadanın araşdırma qrupu "Citizen Lab"ın hesabatı yayımlanıb. Hesabata əsasən, Kaşıkçının dostu, müxalifətçi Ömər Əbdüləzizin telefonuna keçən ilin yayında "Pegasus" proqramı yüklənib.