AZƏRBAYCAN » İQTİSADİYYAT
14 İyun 2018, 13:06 (GMT +4)

AAYDA-də Milli Qurtuluş günü ilə bağlı tədbir keçirilib

Bakı, 14 iyun, SalamNews.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 15 iyun – Milli Qurtuluş günü ilə bağlı tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Dövlət Agentliyinin akt zalında keçirilən iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb.

Saleh Məmmədov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. O, hər bir xalqın tarixində onun müstəqillik, milli azadlıq uğrunda apardığı mübarizənin böyük rolu olduğunu qeyd edib.

İdarə Heyətinin sədri bildirib ki, bu müstəqillik və azadlıq heç də asan qazanılmır, bütün xalqlara və millətlərə qismət olmur, çünki müstəqilliyi qazanmaqla yanaşı, onu həm də qoruyub saxlamaq vacib şərtdir. Saleh Məmmədov ölkədə ictimai-siyasi sabitliyə məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra nail olunduğunu vurğulayıb. Ulu öndərin bu müdrik addımı ölkədə sosial-iqtisadi və siyasi inkişafın əldə olunmasında, dövlətimizin möhkəmlənməsində və Azərbaycan dövlətçiliyinə yönəlmiş qəsdlərin qarşısını almasında böyük rol oynayıb.

İdarə Heyətinin sədri Saleh Məmmədov həmçinin qeyd edib ki, ümummilli lider Heydər Əliyevin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi və ölkəni gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevirdi. Dahi lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanın regionda müstəqil, güclü dövlətə çevrildiyini söyləyən S.Məmmədov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ulu öndərin ideyalarını uğurlu davamçısı olduğunu bildirib.

Sonda S.Məmmədov 15 iyun - Milli Qurtuluş Günü, həmçinin Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib.