AZƏRBAYCAN » RAMAZAN
19 May 2018, 13:54 (GMT +4)

Horadizdə Ramazan ayı ilə bağlı dindarlarla görüş keçirilib

Bakı, 19 may, SalamNews. Füzuli Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Füzuli rayon Horadiz şəhəri “Əhli-Beyt” məscidində müqəddəs Ramazan ayının başlaması münasibətilə dindarlarla görüş keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə Füzuli RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehdixan Zeynalov, Füzuli rayon Horadiz şəhəri “Əhli-Beyt” məscidinin imam-cüməsi Nəriman Nəsirov, ağsaqqallar və rayon dindarları iştirak ediblər.

“Əhli-Beyt” məscidinin imam-cüməsi N.Nəsirov Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayı ilə bağlı fətvasını bu ayın mahiyyətindən danışıb.

Füzuli RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Q.Əliyev dindarları Ramazan ayı münasibəti ilə təbrik edərək, Azərbaycanda dövlət-din münasibətlərindən, Prezident cənab İlham Əliyevin dinə və dindarlara göstərdiyi diqqət və qayğılardan söz açıb. Bildirib ki, Ramazan ayı ilə əlaqədar tədbirlər mövcud qanunvericiliyə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçirilməlidir.

DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı M.Zeynalov bir çox müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da Ramazan ayının xüsusi şəkildə qeyd edildiyini vurğulayaraq, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tövsiyə edilmiş namaz təqviminə riayət olunmasının, dini ayin və mərasimlərin yalnız məscidlərdə keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirin sonunda dindarları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.