AZƏRBAYCAN » CƏMİYYƏT
17 Yanvar 2018, 11:30 (GMT +4)

Bir ildə Bakıda 88 minə yaxın piyada cərimələnib - Vaqif Əsədov

Bakı, 17 yanvar, SalamNews, S.Vaqifoğlu. Ötən il Bakıda 88 minə yaxın piyada inzibati məsuliyyətə cəlb edilib. Ümumiyyətlə isə paytaxtda piyada vurulması halları Bakı şəhəri üzrə ötən il baş vermiş yol-nəqliyyat hadisələrinin yarıdan çoxunu təşkil edir ki, bu da çox ciddi narahatlıq doğurur.

Bunu SalamNews-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

V.Əsədov deyib ki, piyadalar da sürücülər kimi svetoforun işıqlarının tələblərinə əməl etməlidirlər. Piyadalar yolu keçərkən yaxınlaşmaqda olan nəqliyyat vasitəsinə diqqət yetirməli, xüsusilə günün qaranlıq vaxtları, həmçinin işıqlanmayan ərazilərdə daha diqqətli olmalıdırlar. Piyada zolaqları ilə avtomobil yollarının kəsişməsində süni sıxlığın yaşanmaması üçün piyadalar ən azı nəqliyyat vasitəsinin tam dayandığını yəqin etdikdən sonra hərəkət etməlidirlər.