AZƏRBAYCAN » İQTİSADİYYAT
ehali
14 Dekabr 2017, 15:43 (GMT +4)

Azərbaycan əhalisi 10 milyona yaxınlaşır

Bakı, 14 dekabr, SalamNewsAzərbaycan əhalisinin sayı ilin əvvəlindən 73 360 nəfər və ya 0,7% artaraq 2017-ci il noyabr ayının 1-i vəziyyətinə 9 883 341 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən SalamNews-a verilən məlumata görə, əhalinin 53%-i şəhər, 47%-i kənd sakinləridir, 49,9%-ini kişilər, 50,1%-ini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 120035 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Doğulan körpələrin 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarından ibarət olub. Körpələrdən 2134-ü əkiz, 42-si üçəm doğulanlardır.

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 47695 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.