QAFQAZ » MEDİA
20 İyul 2017, 17:48 (GMT +4)

Azərbaycanlı jurnalistin yoxa çıxması səbəbilə Gürcüstanın əks-kəşfiyyat rəhbəri işdən kənarlaşdırılıb

Bakı, 20 iyul, SalamNews. Gürcüstanın paytaxtı Tbilisidə azərbaycanlı jurnalist Əfqan Muxtarlının yoxa çıxmasının araşdırıldığı müddət üçün ölkə Əks-kəşfiyyat departamentinin direktoru və sərhəd polisi rəisinin xidməti səlahiyyətləri dayandırılıb. Ə.Muxtarlı sonradan Bakıda tapılıb.

SalamNews-un “İnterfaks”a istinadla verdiyi xəbərə görə, bu barədə Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili məlumat verib.

“İctimaiyyətin bu məsələyə yüksək marağını nəzərə alaraq, Təhlükəsizlik xidmətinin rəhbərliyi ilə razılaşmaya əsasən, istintaq yekunlaşana qədər Əks-kəşfiyyat departamentinin direktoru və sərhəd polisi rəisinin səlahiyyətlərinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilib. Əməkdaşlarımızın tam şəkildə günahsız olduğuna əminik, lakin istintaq bütün versiyaları nəzərdən keçirmək hüququna malikdir, belə ki, hələ müəyyən edilməyən şəraitdə sərhədi keçmə halı baş verib.”, - nazir bugünkü brifinqdə söyləyib.

Onun sözlərinə əsasən, istintaq çərçivəsində 343 şahid, o cümlədən Gürcüstan-Azərbaycan sərhədinin Laqodehi məntəqəsində 61 sərhədçi dindirilib, Tbilisi küçələrində onlarla videoyazı götürülüb, azərbaycanlı jurnalistin bütün telefon zəngləri yoxlanılıb, lakin zorakılıq və ya Ə.Muxtarlının oğurlanması ilə əlaqəli şübhəli heç nə aşkarlanmayıb.